Avqustun 12-də Bakının Binəqədi və Sabunçu rayonlarında iki küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, məhdudiyyətlər təmir işlərinin aparılması ilə əlaqədardır.
Belə ki, saat 08:00-dan etibarən Binəqədi rayonunun Xocasən qəsəbəsində Ruslan Allahverdiyev küçəsinin bir hissəsində, saat 11:00-dan isə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsinin bir hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.
Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən əvvəlcədən alternativ marşrutlardan istifadə etmələri və ərazidə quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri xahiş olunur.

