Bakıda 26-cı Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.
Denmedia.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yarmarka “Aqrar Tədarük və Təchizat” ASC və “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Yarmarkada iştirak etmək istəyən arıçılar 7 sentyabr saat 11:00-dan 9 sentyabr saat 23:59-dək bal.kendden.az portalı üzərindən onlayn qeydiyyatdan keçə biləcəklər.
Qeydiyyat yalnız 2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində minimum 40 arı ailəsi ilə təsərrüfatını bəyan etmiş fermerlər üçün açıq olacaq. İştirak hüququ qazanan arıçılara bu barədə SMS göndəriləcək.

Qaydalara əsasən, hər bir fermer yarmarkada maksimum 450 kiloqram bal və 30 ədəd şan satışa çıxara biləcək.
Məhsullar satışa buraxılmazdan əvvəl Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlanılacaq. Bal nümunələri laboratoriyada analiz ediləcək və keyfiyyət, eləcə də qida təhlükəsizliyi standartlarına cavab verməyən məhsulların satışına icazə verilməyəcək.
Yarmarkaya müraciət və laboratoriya analizləri ödənişli olacaq. İştirakçılar satış yeri, lazımi avadanlıq, marketinq və PR dəstəyi, eləcə də digər zəruri xidmətlərlə təmin ediləcəklər.

