Sumqayıt şəhərində ilk dəfə olaraq “kənddən şəhərə” formatında kənd təsərrüfatı yarmarkası keçirilib.
Denmedia.az xəbər verir ki, Yarmarka şəhərin 9-cu mikrorayonunda, keçmiş Şərq bazarının ərazisində təşkil olunub.
Yarmarkada ölkənin müxtəlif bölgələrindən olan fermer və istehsalçılar öz məhsullarını birbaşa şəhər sakinlərinə təqdim edirlər. Burada əsasən təbii və ekoloji təmiz kənd təsərrüfatı məhsulları – meyvə-tərəvəz, süd və süd məhsulları, bal, kənd yumurtası və digər yerli məhsullar satışa çıxarılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yarmarkaya baş çəkərək satılan məhsulların qiymətləri və keyfiyyəti ilə maraqlanıb. O, satıcılarla söhbət edib, onların problemlərini dinləyib, həmçinin vətəndaşlarla ünsiyyətdə olub. Şəhər rəhbəri yarmarkada xidmət səviyyəsinin yüksək olması, qiymətlərin əlçatan saxlanılması və alıcıların məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Qeyd edilib ki, bu cür yarmarkaların keçirilməsində əsas məqsəd kənd təsərrüfatı istehsalçılarına məhsullarını daha rahat satmaq üçün şərait yaratmaq, eyni zamanda şəhər əhalisini keyfiyyətli və münasib qiymətə ərzaq məhsulları ilə təmin etməkdir.
Sumqayıt sakinləri yarmarkanın təşkilini müsbət qiymətləndirərək bu cür təşəbbüslərin davamlı olmasını arzuladıqlarını bildiriblər. Yarmarkanın müəyyən günlərdə mütəmadi şəkildə fəaliyyət göstərəcəyi qeyd olunub.

