Novruz bayramı ilə əlaqədar Bakıda “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASCnin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yarmarkalar Bakının 12 müxtəlif məkanında təşkil olunacaq və 11 gün ardıcıl keçiriləcək.
Qeyd olunub ki, əsas məqsəd bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, həmçinin Bakı sakinlərini təbii və yerli aqrar məhsullarla təmin etməkdir.
Yarmarkalarda 25 regiondan 147 fermer iştirak edəcək və ümumilikdə 150 növ kənd təsərrüfatı və ərzaq məhsulu təqdim olunacaq.
Satılan məhsulların keyfiyyətinə nəzarət məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Mobil Qida Laboratoriyası hər gün fəaliyyət göstərəcək.

