Oktyabrın 19-da Bakı və Abşeron yarımadasında güclü külək, ertəsi gün isə Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan, şimşək və dolu gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxt və Abşeron yarımadasında narıncı xəbərdarlıq elan olunub. Şimal-qərb küləyinin sürəti arabir saniyədə 28,4 metrə çata bilər.
Ölkənin bir sıra bölgələrində isə sarı xəbərdarlıq qüvvədə olacaq.
Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik və Yardımlıda qərb küləyinin sürətinin saniyədə 20,7 metrə çatacağı proqnozlaşdırılır.
Oktyabrın 20-də dağlıq və dağətəyi ərazilərdə yağış, bəzi yerlərdə güclü leysan, şimşək və dolu gözlənilir.
Güclü yağıntılar səbəbindən Böyük və Kiçik Qafqazın bəzi çaylarında daşqın və sel təhlükəsi yarana bilər.

