ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresdə keçirilən qapalı dinləmələrdə etiraf edib ki, İranın Amerika qüvvələrinə ilk zərbəni endirmək planı barədə kəşfiyyat məlumatları olmayıb. Bu barədə Reuters məsələ ilə tanış mənbələrə istinadən yazıb.
Agentliyin məlumatına görə, brifinqlərdə administrasiya nümayəndələri İranın ballistik raketlərinin və regiondakı proksi qüvvələrinin ABŞ maraqları üçün təhlükə yaratdığını vurğulayıblar. Lakin Tehranın ilk olaraq Amerika hərbçilərinə hücum edəcəyi barədə konkret kəşfiyyat sübutu təqdim olunmayıb.
Məqalədə qeyd olunur ki, Trampın İranın yaxın zamanda ABŞ qüvvələrinə ballistik raketlərlə zərbə endirə biləcəyi barədə açıqlaması da ABŞ kəşfiyyat hesabatları ilə dəstəklənməyib.
Reuters yazır ki, “raketlərlə bağlı bəyanat kəşfiyyat məlumatları ilə təsdiqlənməyib və görünür, şişirdilmiş olub”.

