ABŞ və İran danışıqlarında iştirak edən nümayəndələr atəşkəsin elan olunmasını və nüvə proqramı üzrə danışıqların başlanmasını nəzərdə tutan 60 günlük memorandum barədə razılığa gəliblər. Bu barədə Axios məlumat yayıb.
Bununla belə, portal qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp sənədi hələ yekun şəkildə təsdiqləməyib.
Amerikalı rəsmilərin məlumatına görə, memorandum Hörmüz boğazından gəmilərin məhdudiyyətsiz keçidini nəzərdə tutur. Bu keçid zamanı İran qüvvələri tərəfindən rüsum alınmayacaq və gəmilər saxlanılmayacaq.
Bunun müqabilində Tehran 30 gün ərzində boğazın akvatoriyasındakı bütün minaları təmizləməlidir. ABŞ-ın isə Hörmüz boğazındakı hərbi-dəniz blokadasını aradan qaldıracağı gözlənilir. Bu prosesin kommersiya gəmiçiliyinin bərpasına uyğun şəkildə mərhələli aparılacağı bildirilir.
Axios yazır ki, sənəddə İranın nüvə silahı hazırlamaqdan imtina etməsi ilə bağlı öhdəlik də yer alır. Mənbələrin sözlərinə görə, danışıqlarda ilk müzakirə ediləcək məsələlərdən biri İranın yüksək zənginləşdirilmiş uranının utilizasiyası olacaq.
ABŞ isə İranla bağlı sanksiya rejiminin yumşaldılmasını, eləcə də daha əvvəl dondurulmuş vəsaitlərin açılmasını müzakirə etməyə hazırdır.

