Donald Tramp Ağ evdə jurnalistlərlə söhbəti zamanı bildirib ki, İran danışıqlar gedişində nüvə silahı əldə etmək cəhdlərindən imtina etməyə razılaşıb.
Onun sözlərinə görə, Tehran bu məsələ ilə bağlı mövqeyini təsdiqləyib.
İran nüvə silahına sahib ola bilməz və olmayacaq da. O, digər məsələlərlə yanaşı, bununla razılaşıb, — deyə ABŞ lideri bildirib.
Vaşinqton və Tehran arasında aparılan danışıqlarda İranda 10 ildən artıq müddətə uranın zənginləşdirilməsinə moratorium qoyulması və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının İslam Respublikasından çıxarılması imkanları müzakirə olunub.
Bir səhifəlik plana əsasən, tərəflər hərbi əməliyyatların dayandırıldığını elan edə və əsas məsələlər üzrə 30 günlük danışıqlar mərhələsinə başlaya bilərlər. Həmin məsələlərə nüvə proqramı, İran aktivlərinin dondurulmasının ləğvi və Hörmüz boğazında təhlükəsizliyin təmin olunması daxildir.

