Ağ Ev İran dövlət mediasında yayılan ehtimal olunan razılaşma layihəsinin həqiqiliyini rədd edib və sənədi “tamamilə uydurma” adlandırıb.
DenMedia.az haberler.com-a istinadən bildirir ki, İran mediasında iddia olunurdu ki, Hörmüz boğazında gəmi hərəkətinin idarə olunması İran və Omana verilə, ABŞ hərbçiləri isə bölgədən çıxarıla bilər. Lakin Ağ Ev bu iddiaları qəti şəkildə təkzib edib.
Rəsmi açıqlamada İran mənbələri tərəfindən yayılan memorandum mətninin real olmadığı bildirilib.
İran dövlət televiziyası isə Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında 14 maddəlik memorandum layihəsinin hazırlandığını iddia etmişdi. Məlumata görə, ehtimal olunan razılaşma çərçivəsində ABŞ-ın İranın Hörmüz boğazındakı dəniz blokadasını aradan qaldıracağı, İranın isə bir ay ərzində ticarət gəmilərinin keçidini gərginlikdən əvvəlki səviyyəyə qaytaracağı irəli sürülüb.
İddia olunan layihədə hərbi gəmilərin razılaşmadan kənarda saxlandığı, ticarət gəmilərinin keçidinin isə İran və Oman arasında koordinasiya olunacağı qeyd edilib.
Sənəddə həmçinin ABŞ-ın İran ətrafındakı bölgədən hərbi qüvvələrini çıxarmağı qəbul etdiyi iddia olunub. Lakin bunun sonradan göndərilən qüvvələrə, yoxsa mövcud bazalardakı hərbçilərə aid olub-olmadığı barədə danışıqların davam etdiyi bildirilib.
Layihəyə əsasən, tərəflər 60 gün ərzində yekun razılaşmaya gəlsələr, memorandumun BMT Təhlükəsizlik Şurası tərəfindən məcburi qərar kimi təsdiqlənməsi nəzərdə tutulur.
İran mediası eyni zamanda “İslamabad memorandum çərçivəsi”nin hələ yekunlaşmadığını və Tehranın “konkret təsdiq” olmadan heç bir addım atmayacağını bildirib.

