Yeni Azərbaycan Partiyası (YAP) təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.
Denmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, YAP 30 ildən artıqdır hakimiyyətdədir və partiya üzvlərinin ölkənin son illərdə keçdiyi inkişaf yolunda mühüm rolu olub.
«Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var», – deyə Prezident vurğulayıb.
İlham Əliyev bildirib ki, YAP-ın VIII Qurultayı ilk dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilir.
Prezident əvvəlki, VII Qurultayın da fərqli siyasi şəraitdə baş tutduğunu xatırladıb. Onun sözlərinə görə, həmin vaxt İkinci Qarabağ müharibəsində qələbədən cəmi bir neçə ay keçmişdi.
Dövlət başçısı çıxışında Azərbaycanın 2020-ci il müharibəsindən sonra regionda yeni reallıqlar yaratdığını və həmin reallıqların beynəlxalq səviyyədə qəbul edildiyini bildirib. İlham Əliyev vurğulayıb ki, VIII Qurultay ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğu yeni şəraitdə keçirilir. (azərtac)

