Prezident İlham Əliyev bu gün enerji sahəsində iki mühüm müqavilənin imzalanacağını bildirib.
Dövlət başçısı bu barədə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı danışıb.
İlham Əliyevin sözlərinə görə, müqavilələrdən biri “Abşeron” yatağının ikinci mərhələsinin işlənməsini nəzərdə tutur.
Prezident bildirib ki, layihənin həyata keçirilməsi nəticəsində 3–4 ildən sonra Azərbaycanın qaz hasilatı ildə əlavə 5 milyard kubmetr arta bilər.
Digər razılaşmanın isə ABŞ-nin “Exxon” şirkəti ilə Azərbaycanın qeyri-ənənəvi neft-qaz ehtiyatlarının işlənməsi istiqamətində əməkdaşlıqla bağlı olduğu bildirilir. “Exxon”la qeyri-ənənəvi qurudakı neft ehtiyatlarının öyrənilməsi, işlənməsi və hasilatı üzrə əməkdaşlıq daha əvvəl də Azərbaycan-ABŞ iqtisadi gündəliyində yer alıb.
İlham Əliyev yeni layihələrin Azərbaycanın enerji potensialının daha da inkişafına töhfə verəcəyini vurğulayıb.

