Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan qərəzli və manipulyativ paylaşımların yayıldığını bildirib.
Qurumun açıqlamasında qeyd olunub ki, bəzi beynəlxalq media orqanlarında və sosial şəbəkə hesablarında yayılan bu materiallar iki ölkə arasındakı sarsılmaz əlaqələri, strateji müttəfiqliyi və “Bir millət, iki dövlət” prinsipini hədəfə alır.
Mərkəz bu cür paylaşımları Türkiyə ilə Azərbaycan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinə zərər vurmağa, eləcə də regionda sülh və sabitliyi pozmağa yönəlmiş informasiya əməliyyatı kimi qiymətləndirib.
“Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq üzərində qurulan münasibətlərini bütün sahələrdə qətiyyətlə inkişaf etdirməyə davam edir”, – açıqlamada bildirilib.
Qurum vurğulayıb ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq, birgə atılan addımlar və əməkdaşlıqla bağlı manipulyativ iddialar vasitəsilə ictimai rəyi yanlış istiqamətləndirmək cəhdləri məqsədinə çatmayacaq.
Dezinformasiya ilə Mübarizə Mərkəzi, həmçinin ictimaiyyəti psixoloji müharibə məqsədilə yayılan materiallara etibar etməməyə və yalnız rəsmi qurumların açıqlamalarını əsas götürməyə çağırıb.


