Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında keçirilən danışıqlar başa çatıb. Görüş təxminən üç saat davam edib.
Bu barədə TASS agentliyi Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.
Bildirilib ki, danışıqlar Sankt-Peterburqdakı Konstantinovski sarayında keçirilib.
“Görüş başa çatdı”, – deyə Kremlin sözçüsü jurnalistlərə açıqlamasında bildirib.
Peskov danışıqların yekunlarına münasibət bildirərkən Ukraynadakı münaqişənin nizamlanması istiqamətində göstərilən səmimi səylərə görə ABŞ tərəfinə təşəkkür edib.
Görüş başa çatdıqdan sonra ABŞ Prezidentinin xüsusi nümayəndəsinin avtomobil karvanı Konstantinovski sarayının ərazisini tərk edib.

