ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff CNBC telekanalına müsahibəsində bildirib ki, cümə axşamı, yanvarın 22-də Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır. Bu barədə Reuters məlumat yayıb.
Agentliyin məlumatında deyilir:
“Uitkoff: biz cümə axşamı Putinlə görüşə getməliyik”.
Xatırladaq ki, yanvarın 14-də Bloomberg agentliyi Uitkoffun və ABŞ Prezidentinin kürəkəni Jared Kushnerin yanvar ayında Moskvaya səfər edərək Putinlə görüş keçirməyi planlaşdırdıqlarını yazmışdı.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə vurğulayıb ki, Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə dialoq davam edir.
Son günlər ABŞ və Ukrayna rəsmiləri də ABŞ-ın döyüşlərin dayandırılması üçün hazırladığı 20 maddəlik planın icrasında ciddi irəliləyiş əldə olunduğunu, planın təxminən 90 faizinin yerinə yetirildiyini, lakin əsas mübahisəli məqamların hələ də qaldığını bildiriblər.

