Aktyorluğu ilə yanaşı səsi ilə də diqqət çəkən Serenay Sarıkaya bildirib ki, onun planları arasında musiqi karyerası yoxdur və ən böyük sevgisi aktyorluqdur.
Serenay Sarıkaya Vogue jurnalının yeni sayına müsahibə verib. Şöhrətlə necə başa çıxdığından danışan aktrisa vurğulayıb ki, əsas məsələ öz daxili çevrəsini möhkəm saxlamaqdır.
“Əsas olan öz kiçik çevrəmi güclü saxlamaqdır. Bu, yalnız şöhrət üçün deyil, kənardan gələn hər cür mənfi təsir üçün keçərlidir. Qarşısını ala bilmədiyimiz şeylər var, amma özün möhkəmdirsənsə, daxili çevrən güclüdürsə, hər şey yanından keçir. Artıq əvvəlki kimi dağıdıcı və yıpradıcı olmur”, – deyə Sarıkaya bildirib.
Aktrisa əlavə edib ki, diqqəti yayındıran amillərin çox olduğu bir dövrdə insanın öz mahiyyətinə qayıtması onun üçün başlanğıc nöqtəsidir:
“Diqqəti yayındıran, fokusdan uzaqlaşdıran çoxlu təsirin olduğu bir zamanda ən özümə enmək mənə həmişə başlanğıc nöqtəsi kimi gəlir. Mərkəz möhkəm olduqda hər şey asanlaşır və gözəlləşir.”
Canlandırdığı obrazın onu tam şəkildə “ələ almasını” sevdiyini deyən Sarıkaya bildirib ki, bu, uzun və dərin hazırlıq prosesi tələb edir:

“Zamanla rolu setdə qoymağı öyrənirsən. Amma hazırlıq mərhələsində, hələ çəkilişə başlamazdan əvvəl hekayəni və ssenarini günlərlə, hətta aylarla beynimdə çevirirəm: ‘Necə davranardı, necə oturardı?’ deyə obsesiv şəkildə düşünürəm. Çünki obraz həm məndən müstəqil olmalıdır, həm də mənə aid incə nüanslar daşımalıdır.”
Onun sözlərinə görə, bu proses bəzən illər əvvəl başlayır və çəkilişə qədər davam edir, hətta bəzi hallarda obraz uğrunda rejissor və ya ssenari müəllifi ilə müzakirələrə səbəb olur.
Beynəlxalq tanınma ilə bağlı danışan aktrisa qeyd edib ki, o, qlobal olmaq məqsədi ilə yola çıxmayıb:
“Qlobal olmaq üçün başlamadım. Amma səyahətlərim zamanı dünyanın müxtəlif yerlərində insanların ‘Sizi çox bəyənirik’ deməsi tamam başqa bir xoşbəxtlikdir.”
Səsi ilə də bəyənilən Sarıkaya vurğulayıb ki, albom çıxarmağı düşünmür:

“Albom çıxarmağı düşünmürəm, çünki mənim ən böyük sevgim aktyorluqdur. Bir işə fokuslandıqda ona yüz faiz həsr olunmağı sevirəm. Musiqi sahəsinə daxil olmaq sadəcə ‘bunu da etdim’ demək üçün deyil; orada da inkişaf etmək istəyərdim. Amma həm aktyorluq, həm də musiqiyə eyni anda bu cür bağlanmağın məni böləcəyini düşündüyüm üçün albom çıxarmağı planlaşdırmıram.”

