“Ahbap” Dərnəyinin adına toplanan ianələrin şübhəli şəxslərin hesablarına köçürüldüyü iddiası ilə aparılan istintaq çərçivəsində dərnəyin sədri Haluk Levent də daxil olmaqla çoxsaylı şəxs saxlanılıb.
Məhkəmənin qərarı ilə Haluk Levent və daha 13 şübhəli barəsində həbs qətimkan tədbiri seçildiyi, 11 nəfərin isə məhkəmə nəzarətinə buraxıldığı bildirilir. Şübhəlilər barəsində irəli sürülən ittihamlar məhkəmənin yekun qərarı olmadan sübuta yetirilmiş hesab edilmir.
Hadisənin ictimaiyyətdə geniş müzakirələrə səbəb olmasından sonra müğənni və rejissor Mahsun Kırmızıgül sosial şəbəkədə Haluk Leventlə bağlı diqqətçəkən paylaşım edib.
Kırmızıgül keçmişdə Leventə yenidən ayağa qalxması üçün ciddi dəstək göstərdiklərini bildirərək yazıb:
“Səkkiz ayrı banka qarşı borclarını bağlaya bilməyin üçün “Star TV”də çəkdiyim serialdan qazandığım pulla borclarını ödədik. Yenidən ayağa qalxmağın üçün əlimizdən gələni etdik. Həyat bu qədər ucuz idimi, Haluk? Bir neçə dəqiqəlik həyəcan naminə bu qədər sevgiyə, etimada və zəhmətə arxa çevirməyə doğrudanmı dəyərdi? Etdiklərin yalnız səni məhv etmədi. Sənə inananları, səni sevənləri və dostlarını da dərindən yaraladı”.
Leventin polisə verdiyi ifadədə bəzi əməliyyatları “qanunsuzluq” kimi qiymətləndirməyin mümkün olduğunu, lakin korrupsiya ittihamını qəbul etmədiyini bildirdiyi də yayılan məlumatlar arasındadır.

