İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində müğənni Haluk Levent haqqında cinayət işi başlanılıb.
Məlumata görə, Levent barəsində “Dərnəklər haqqında qanuna zidd hərəkət”, “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” və “təşkilata üzvlük” maddələri üzrə araşdırma aparılır. Bu çərçivədə onun saxlanılması barədə qərar verilib.
Haluk Levent İstanbul Təhlükəsizlik İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən Bursada saxlanılıb. Daha sonra o, İstanbulda Vatan emniyyətinə gətirilib.
İstintaq çərçivəsində hazırlanan MASAK hesabatları, bank hesabı hərəkətlərinin araşdırılması, texniki və fiziki izləmə nəticəsində şübhəlilərin maliyyə profillərinə uyğun olmayan yüksək məbləğli pul dövriyyələri aşkarlanıb.
Məlumata görə, şübhəlilər öz aralarında böyük məbləğlərdə pul köçürmələri həyata keçirib, həmçinin şans oyunları hesablarına yüksək məbləğlər yatıraraq mərc oynayıblar. Bu yolla ciddi məbləğdə pul itirdikləri, qısa müddət ərzində isə aralarında zəncirvari şəkildə çoxsaylı daşınmaz əmlak sənədi devirləri apardıqları müəyyən edilib.
Aparılan istintaq çərçivəsində Ahbap Dərnəyinin üzvləri və dərnək əməkdaşları ilə əlaqəli olduğu qiymətləndirilən ümumilikdə 18 şübhəli 12 iyul 2026-cı ildə keçirilən eyni vaxtlı əməliyyat zamanı saxlanılıb.
Şübhəlilərə məxsus ünvanlarda aparılan axtarışlar zamanı çox sayda rəqəmsal material, külli miqdarda nağd pul, qızıl, çek, veksel və müxtəlif sənədlər götürülüb.
İstintaq materiallarına daxil olduğu iddia edilən WhatsApp yazışmaları da diqqət çəkib. İddiaya görə, həmin yazışmalarda Haluk Leventin köməkçisi Yeliz Kayaya bəzi tapşırıqlar verdiyi görünür.

Məlumata əsasən, Leventin köməkçisindən bəzi şəxslərə onun “mədə xərçəngi olduğu və müalicə üçün pul axtardığı” barədə məlumat yaymasını istədiyi iddia olunur. Bundan başqa, Leventin köməkçisindən ona ağlayaraq səsli mesaj göndərməsini istədiyi də irəli sürülüb.
Əməliyyat İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə cinayət törətmək məqsədilə təşkilat yaratma, dələduzluq və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması hallarının qarşısının alınması və şübhəlilərin saxlanılması məqsədilə keçirilib.
Hazırda faktla bağlı istintaq və araşdırma tədbirləri davam etdirilir.
Qeyd edək ki, istintaq mərhələsində irəli sürülən iddialar məhkəmə hökmü olmadan şəxsin təqsirli sayılması anlamına gəlmir.

