İstanbulda yağan güclü leysan yağışları nəticəsində məşhur müğənni Murat Boz və aktrisa Demet Özdemir yüzlərlə insanla birlikdə su basmış studiyada köməksiz vəziyyətdə qaldılar.
Türkiyə mediasının məlumatına görə, hadisə Sarıyer rayonunun Ayazağa məhəlləsində yerləşən “Cendere Phoenix” studiyasında baş verib.
Güclü yağış nəticəsində ətraf yolları və studiyanın aşağı mərtəbələrini su basıb. Həmin vaxt çəkiliş və digər işlərlə əlaqədar studiyada olan Murat Boz və Demet Özdemir binanı tərk edə bilməyiblər.
Murat Boz sosial şəbəkədə canlı yayım açaraq təcili yardım çağırışı edib.
“Hazırda fövqəladə vəziyyət yarandığı üçün canlı yayım açmağa məcbur oldum. İşçilərlə birlikdə Ayazağada köməksiz vəziyyətdə qalmışıq. Heç yerə hərəkət edə bilmirik. Çünki yolda suyun səviyyəsi iki metrə çatıb, studiyamızı da su basır”, – deyə müğənni bildirib.
Boz qeyd edib ki, qadın əməkdaşlar təhlükəsizlik məqsədilə yuxarı mərtəbəyə yerləşdiriliblər. Digər işçilər isə binanın daha hündür hissələrində gözləməyə məcbur olublar.
“Hazırda suyun daha da yüksəlməməsi üçün dua edirik”, – deyə sənətçi narahatlığını ifadə edib.

Müğənninin sözlərinə görə, studiyada təxminən 200–250 nəfər olub. Ətrafdakı avtomobillərin də su altında qaldığını bildirən Boz AFAD, bələdiyyə və yanğınsöndürmə xidmətlərinə müraciət edərək təcili təxliyə tələb edib.
Demet Özdemir də sosial şəbəkə hesabında paylaşım edərək “Cendere yolundakı studiyada köməksiz vəziyyətdə qalmışıq” sözləri ilə vəziyyətlərini ictimaiyyətə çatdırıb.

Hadisə yerinə gələn xilasetmə qrupları güclü su axını səbəbindən əraziyə qayıqlarla daxil olublar.
Son məlumata görə, Murat Boz, Demet Özdemir və studiyada qalan digər şəxslər xilasetmə qrupları tərəfindən qayıqlarla təhlükəsiz əraziyə təxliyə ediliblər.

