Dünyaca məşhur müğənni Castin Biberlə keçmişdə yaşadığı münasibətlə tanınan avstraliyalı model Sahara Rey 34 yaşında vəfat edib.
Bu barədə TMZ nəşri məlumat yayıb.
Modelin ölüm xəbərini ailəsi təsdiqləyib. Yaxınlarının sözlərinə görə, Sahara Rey oktyabrın 18-də xəstəxanada ailə üzvlərinin əhatəsində dünyasını dəyişib.
“O, ötən gecə xəstəxanada ailəsinin yanında həyatını itirdi. Çox sevilirdi”, – deyə ailəsi açıqlama verib.
Modelin ölüm səbəbi hələlik açıqlanmayıb.
Sahara Rey 2016-cı ildə Castin Biberlə Havay adalarında istirahət edərkən görüntüləndikdən sonra dünya mediasının diqqətini çəkib. O, modellik fəaliyyəti ilə yanaşı, özünün “Sahara Ray Swim” çimərlik geyimləri brendi ilə də tanınıb.
2024-cü ildə model avtomobil qəzasından sonra nadir nevroloji xəstəlik olan Giyen-Barre sindromu ilə mübarizə apardığını açıqlayıb. Xəstəlik nəticəsində onun hərəkət qabiliyyəti ciddi şəkildə məhdudlaşıb və bir müddət əlil arabasından istifadə etməli olub.
Rey yaşadığı sağlamlıq problemlərini və sağalma prosesini sosial şəbəkələrdə izləyiciləri ilə bölüşüb. Lakin əvvəlki xəstəliyi ilə ölümü arasında hər hansı əlaqənin olub-olmadığı barədə məlumat verilməyib.

Modelin vəfatı ilə bağlı diqqətçəkən məqamlardan biri də onun bu ilin əvvəlində ana olmasıdır.
Sahara Rey 2026-cı ilin yanvarında Snou (Snow) adını verdiyi qızını dünyaya gətirib. İyul ayında sosial şəbəkədə paylaşdığı sonuncu fotolarda körpəsini “Mənim bütün qəlbim” sözləri ilə təqdim edib.
Məşhur modelin ölümündən sonra yaxınları, dostları və pərəstişkarları sosial şəbəkələrdə başsağlığı mesajları paylaşıblar.

