Türk musiqisinin əfsanəvi simalarından olan Orhan Gencebay illərdir onun adı ilə əlaqələndirilən “arabesk” ifadəsinə etiraz edib.
Məşhur sənətçi bildirib ki, bu ifadə onun musiqisini tərifləmək üçün deyil, əksinə, yaradıcılığını kiçiltmək məqsədilə istifadə olunub.
“Musiqidə qətiyyən arabesk adlı bir kateqoriya və ya ifa növü yoxdur. Mənim yaratdığım sərbəst türk musiqisidir. Türk musiqisinin köklü zənginliyindən istifadə edərək sərbəst şəkildə bəstələr yaratmışam”, – deyə Gencebay bildirib.

Sənətçi musiqisinin müəyyən çərçivələrə salınmasından narazılığını da dilə gətirib.
“Bəziləri musiqimi dar qəliblərə salaraq məni və yaradıcılığımı kiçiltmək istədilər. Mənə ‘arabeskçi’ deyilməsi tərif deyil, əksinə, alçaltmaq məqsədilə ortaya atılmış bir damğa idi”, – deyə o vurğulayıb.

