Türk musiqisinin əfsanəvi simaları Nilüfer, Sezen Aksu və Ajda Pekkanın bir araya gəldiyi çay süfrəsindən maraqlı detal üzə çıxıb.
Qatıldığı proqramlardan birində həmin görüşdən danışan Nilüfer üç məşhur sənətçinin evdə keçirdiyi əyləncəli anları ilk dəfə bölüşüb.
Nilüfer bildirib ki, o və Sezen Aksu süfrədəki kısır və zeytun yağlı dolmalardan yeyərkən Ajda Pekkan özünə qoyduğu qaydanı pozmayıb. Görüşdən bir gün əvvəl dietoloqu ilə məsləhətləşən məşhur müğənni süfrədəki yeməklərə toxunmayaraq yalnız bir yaşıl alma yeyib.

“Biz Sezenlə kısırları, dolmaları yeyərkən Ajda bir yaşıl alma yedi. Bir gün əvvəl dietoloqu ilə danışmışdı. Qırx ildə bir dəfə bir araya gəlmişik, mən özümü sərbəst buraxdım, amma Ajda intizamından güzəştə getmədi”, – Nilüfer deyib.
Türk pop musiqisinin üç məşhur simasının görüşündən bu maraqlı detal sosial mediada da diqqət çəkib. Ajda Pekkanın illərdir qoruduğu formada və fit görünüşünün arxasında ciddi qidalanma intizamının dayandığı bu əhvalatla bir daha gündəmə gəlib.

