Sumqayıt şəhərində yeni abadlaşdırılmış Bələdiyyə Parkının açılışı olub.
Den.az xəbər verir ki, açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, icra hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, Sumqayıt şəhər bələdiyyəsinin sədri Adil Xudadatov və şəhər ictimaiyyəti iştirak ediblər.
Açılış mərasimi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edib. Tədbir çərçivəsində uşaqlar üçün şənlik və konsert proqramı təşkil olunub. Balacalar həm əylənib, həm də istirahət ediblər.
Məlumat verilib ki, Bələdiyyə Parkının ümumi ərazisi 6,6 hektardır. Park son bir ay ərzində tamamilə abadlaşdırılıb. Əraziyə mərmər qranit örtüyü çəkilib, gecə işıqlandırma sistemi müasirləşdirilərək artırılıb. Uşaqlar üçün müxtəlif əyləncə qurğuları – attraksionlar quraşdırılıb, piknik zonası yaradılıb və tam müasir oturacaqlar qoyulub. Ən sevindirici məqam odur ki, burada yaşlı sakinlər də unudulmayıb – onlar üçün xüsusi istirahət guşəsi yaradılıb. Ərazidə mövsümi gül və çiçəklər əkilib, park gözəl landşaft tərtibatı ilə zövqləri oxşayır.
Görülən abadlıq işlərindən sakinlər və şəhərə gələn xarici qonaqlar razılıqlarını bildiriblər. Onlar parkın həm uşaqlar, həm də böyüklər üçün rahat istirahət məkanı olduğunu vurğulayıblar.
Bələdiyyə Parkının yenidən qurulması Sumqayıt şəhərinin yaşıl zona və istirahət mərkəzlərinin genişləndirilməsi istiqamətində atılmış uğurlu addımlardan biri hesab olunur. Şəhər rəhbərliyinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq belə layihələrin davamlı olacağı, gələcəkdə daha çox ictimai istirahət məkanlarının sakinlərin ixtiyarına veriləcəyi nəzərdə tutulur.