Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunan mini futbol üzrə idarə, müəssisə və təşkilatlar arasında keçirilən Sumqayıt şəhər kuboku uğrunda yarış böyük coşqu ilə yekunlaşıb. Bu mötəbər idman tədbiri Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Sumqayıt Şəhər Bələdiyyəsi, Sumqayıt Futbol Klubu və Şimal Regional Futbol fedirasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirin əsas hissəsi final oyunundan başlayıb. Sumqayıt Təhsilinin əməkdaşları ilə Sumqayıt Futbol Klubunun əməkdaşları arasında keçirilən həyəcanlı final oyunu tamaşaçılar üçün əsl idman bayramına çevrilib. Gərgin idman mübarizəsi şəraitində keçirilən görüşün qalibi Sumqayıt Futbol Klubunun əməkdaşları olub.
Final qarşılaşmasından sonra Sumqayıt şəhərində yerləşən stadionda təntənəli mükafatlandırma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov açıb. O, öz çıxışında Ümummilli Lider Heydər Əliyevin gənclərə olan böyük inamından, idmana və gənclərin inkişafına göstərdiyi diqqətdən ətraflı bəhs edib. Teymur Səmədov qeyd edib ki, bu cür tədbirlər Ulu Öndərin ideyalarının davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ardınca Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov və Sumqayıt Şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov çıxış edərək idmanın cəmiyyət üçün önəmindən, bu yarışın gənclərin fiziki və mənəvi inkişafında oynadığı mühüm roldan danışıblar.
Final oyununun hakimləri də əməklərinə görə xüsusi olaraq mükafatlandırılıblar. İştirakçılara fəxri fərmanlar, kubok və medallar təqdim edilib.
1-ci yer: Sumqayıt Futbol Klubunun əməkdaşları, 2-ci yer: Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, 3-cü yer: "Azərişıq" ASC-nin əməkdaşları layiq görülüb.
Bu cür idman tədbirləri həm də müxtəlif idarə və təşkilatların əməkdaşları arasında dostluq münasibətlərini möhkəmləndirir, sağlam həyat tərzinin təbliğinə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.
Mükafatlandırma mərasimindən sonra iştirakçılar və qonaqlar xatirə şəkilləri çəkdiriblər. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin irsinin yaşadılmasının və idmana göstərilən diqqətin gələcək nəsillər üçün də örnək olduğunu vurğulayıblar.
Qeyd edək ki, təşkilatçılar bu cür tədbirlərin davamlı olacağını, gənclərin müxtəlif idman yarışlarında daha geniş iştirak etmələri üçün mütəmadi olaraq yarışlar təşkil ediləcəyini bildiriblər.