Sumqayıt şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə geniş bayram tədbiri təşkil olunub.
Denmedia.az xəbər veri ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə , müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə qaziləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edib. O, bu əlamətdar günün tarixi və mənəvi əhəmiyyətindən danışaraq bildirib ki, 31 Dekabr dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin rəmzidir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bu gün beynəlxalq aləmdə güclü və nüfuzlu dövlət kimi tanınır, dünya azərbaycanlılarının vahid amal ətrafında birləşməsi üçün geniş imkanlar yaradılır.
Zakir Fərəcov çıxışında Sumqayıtın sosial-iqtisadi inkişafından, şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən, infrastruktur layihələrindən də ətraflı söz açıb. O, şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin əməyini yüksək qiymətləndirərək, onların Sumqayıtın inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb.
Daha sonra tədbirin rəsmi hissəsində şəhərin ictimai-siyasi həyatında, sosial sahədə və ictimai fəaliyyətlərdə fərqlənən bir qrup şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub. Təltif edilən şəxslərə fəxri fərmanlar Zakir Fərəcov tərəfindən təqdim edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Bayram tədbiri mədəni proqramla davam edib. Tədbir iştirakçıları üçün konsert proqramı təqdim olunub, milli və müasir musiqi nümunələri səsləndirilib, bayram əhval-ruhiyyəsi yaradılıb.
Sonda iştirakçılar belə tədbirlərin milli həmrəyliyin möhkəmləndirilməsi, ictimai birliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək təşkilatçılara təşəkkürlərini bildiriblər.

