8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə Abşeron rayonunda tədbir keçirilib.
Tədbir YAP-nın Abşeron rayon təşkilatının və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılğı ilə reallaşıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Vətən uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, dövlət himni səsləndirilib.
Daha sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ölkəmizin 2020-ci ildə qazandığı tarixi Qələbənin xalqımızın birliyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində mümkün olduğunu vurğulayıb. O, bu Qələbənin təkcə torpaqlarımızın azadlığı deyil, həm də xalqımızın milli ruhunun, qürurunun, birliyinin simvolu olduğunu qeyd edib:
“8 Noyabr Azərbaycan xalqının qürur günüdür. Bu Zəfər bizə şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı bahasına başa gəldi. Bu gün hər bir azərbaycanlı qalib xalqın nümayəndəsi kimi fəxr edir.”
Tədbirdə çıxış edən YAP-nın Abşeron rayon təşkilatının sədri Abbas Əliyev və millət vəkilləri Zəfər Gününün tarixi əhəmiyyətindən bəhs edərək, Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan, dövlətimizin apardığı quruculuq və bərpa işlərindən danışıblar.
Ardınca Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmaylova çıxış edib. O, bu günün şəhid ailələri üçün qürur və kədər dolu bir gün olduğunu vurğulayıb:
“Biz övladlarımızla fəxr edirik. Onlar Azərbaycanın azadlığı, bayrağının ucalığı uğrunda canlarını fəda etdilər. Onların qəhrəmanlığı sayəsində bu gün biz azad torpaqlarda Zəfəri qeyd edirik.”
Tədbirdə duyğusal anlar da yaşanıb. İki şəhid övladının doğum günü münasibətilə təbrik mərasimi təşkil olunub. Uşaqlara hədiyyələr təqdim edilib, onların valideynləri və tədbir iştirakçıları bu anları alqışlarla izləyiblər. Abdin Fərzəliyev şəhid övladlarını təbrik edərək onlara sağlam, savadlı və vətənpərvər gənclər kimi böyüməyi arzulayıb.
Sonda tədbir 44 günlük Vətən müharibəsinə həsr olunan ədəbi-bədii kompozisiya və vətənpərvərlik ruhunda musiqi nömrələri ilə davam edib.
Zəfər Gününün 5 illiyi münasibətilə keçirilən bu tədbir bir daha göstərdi ki, Azərbaycan xalqı öz qəhrəmanlarını heç zaman unutmur, şəhidlərin ruhu daim ehtiramla yad olunur, qazilərə və onların ailələrinə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.

