Abşeron rayonunda Azərbaycan və Türkiyə şəhid ailələrinin iştirakı ilə anım və həmrəylik tədbiri keçirilib.
“DenMedia.az” xəbər verir ki, tədbir iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində təşkil olunan tədbirdə qonaqlar bir araya gəlib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alizadə , Türkiyə Respublikasının Ailə və Sosial xidmətlər Nazirliyinin Şəhid yaxınları və qazilər baş idarəsinin sədr müavini Halit Çağdaş və Türkiyə və Azərbaycanlı şəhid ailə üzvləri iştirak ediblər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbirdə çıxışı zamanı Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu xüsusi vurğulayıb. O bildirib ki, bu gün iki ölkənin şəhid ailələrinin bir araya gəlməsi həm mənəvi, həm də tarixi baxımdan böyük əhəmiyyət daşıyır:
“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Qardaşlığımız sözlə deyil, tarix və taleyin bizə bəxş etdiyi bir həqiqətdir. Hər iki xalq Vətən yolunda canını fəda etmiş övladlarını heç vaxt unutmur. Şəhidlərimizin əziz xatirəsini uca tutmaq, onların ailələrinə diqqət və qayğı göstərmək bizim müqəddəs borcumuzdur.” -deyə Abdin Fərzəliyev vurğulayıb.
Abdin Fərzəliyev onuda qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərilir, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
“Bu gün Abşeronda və bütövlükdə respublikamızda şəhid ailələrinin sosial müdafiəsi, onların qayğılarının azaldılması üçün dövlət səviyyəsində davamlı işlər görülür. Eyni zamanda belə tədbirlər bizim mənəvi borcumuzdur. Çünki şəhidlərimizin qanı ilə yoğrulmuş torpaq üzərində azad və müstəqil Azərbaycan bayrağı dalğalanır.” Sonda Abdin Fərzəliyev şəhidlərin ruhuna ehtiramını ifadə edib və şəhid ailələrinə səbr, möhkəmlik arzulayıb.
Daha sonra “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alizadə , Türkiyə Respublikasının Ailə və Sosial xidmətlər Nazirliyinin Şəhid yaxınları və qazilər baş idarəsinin sədr müavini Halit Çağdaş , Abşeron rayon İcra Haskimiyyəti Yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə ismayılova və digərləri çıxış edərək bildiriblər ki, “Türkiyə ilə dostluq və qardaşlıq münasibətləri hər sahədə güclənir. Bu layihə isə xalqlarımızı birləşdirən ən dəyərli mövzu – şəhidlik zirvəsi ətrafında həyata keçirilir. Bu gün burada iştirak edən hər kəs bizim birliyimizin əsl nümunəsidir. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.”
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib. Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olub. Layihənin əsas məqsədi Azərbaycan və Türkiyənin ortaq milli-mədəni dəyərlərinin təbliği, şəhid ailələri və ictimaiyyət nümayəndələri arasında dostluq və əməkdaşlıq mühitinin daha da gücləndirilməsidir. Bu məqsədlə Türkiyədən gələn nümayəndə heyəti 1-5 sentyabr tarixlərində ölkəmizdə səfərdədir.
Tədbir iştirakçıları Azərbaycan və Türkiyə şəhid ailələrinin birliyini, qardaşlıq və həmrəylik ruhunu bir daha yaşadıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.