İtaliya sakinləri 2026-cı il üçün nəzərdə tutulan büdcə layihəsinə etiraz olaraq Ümumitalyan Əmək Konfederasiyasının təşəbbüsü ilə ümumi tətilə çıxıblar. DenMedia.az xəbər verir ki, bu barədə cümə günü yerli KİV-lər məlumat yayıb.
Tətil bir sıra şəhərlərdə qatarların ləğvinə və gecikməsinə səbəb olub. Neapol və Milanda metronun bir neçə xətti bağlanıb. İtaliyanın bir çox bölgəsində məktəblər fəaliyyətini dayandırıb, müxtəlif şəhərlərdə minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilib.
İtaliya həmkarlar ittifaqları hökuməti səhiyyə, təhsil və nəqliyyat kimi sahələrə kifayət qədər maliyyə ayırmamaqda tənqid edir. Onlar həmçinin işçilərin hüquqlarının yaxşılaşdırılmasını, maaşların artırılmasını və sosial təminatların genişləndirilməsini tələb edirlər.
Qeyd edək ki, İtaliyada əvvəlki ümumi tətil 2024-cü ilin noyabrında keçirilmiş, əsas tələblər maaş artımı və sosial sahəyə investisiyaların artırılması olmuşdu.

