Parisdə yerləşən Luvr muzeyi yenidən fəaliyyətini dayandırıb. Bu barədə lefigaro.fr məlumat yayıb.
Nəşrin məlumatına görə, muzeyin qapıları 19 yanvar tarixində əməkdaşların tətili səbəbindən bağlanıb. İşçilər əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Qeyd olunur ki, bu, Luvrun etiraz aksiyaları səbəbindən bağlandığı ilk hal deyil.
Xatırladaq ki, 12 yanvar tarixində də Luvr əməkdaşların tətili səbəbindən fəaliyyət göstərməyib. Dekabr ayında muzey bir dəfə tam gün, daha sonra isə bir neçə gün qismən açıq olub.
Məlumata görə, Luvrda baş verən oğurluqdan təxminən üç ay sonra muzeyin əməkdaşları işçi sayının artırılmasını və keçmiş kral sarayının saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.
Dekabrda keçirilən tətilə təxminən 350 əməkdaş qatılıb. Onların arasında idarəçilər, mədəni irsin qorunması üzrə mütəxəssislər və yardımçı xidmət işçiləri olub.

