Türkiyənin böyük bir hissəsi cümə günündən etibarən “Sibir mənşəli” şaxtalı hava kütləsinin təsiri altına düşəcək. Bu barədə ölkənin Meteorologiya Baş İdarəsinin (MGM) sinoptikləri məlumat yayıb.
“Ölkənin şimal, mərkəzi və şərq bölgələrində qarla qarışıq yağış və güclü qar gözlənilir. Hiss olunan temperatur bütün Türkiyə üzrə 4–10 dərəcə aşağı düşəcək və bu hava şəraiti ən azı bir həftə davam edəcək”, — deyə açıqlamada bildirilib.
Sinoptiklərin məlumatına görə, qar yağışı İstanbulda da müşahidə oluna bilər. Mütəxəssislər qeyd ediblər ki, şaxtalı hava dalğası ölkədə uzunmüddətli quraqlıq fonunda baş verir.
Meteoroloqlar vətəndaşları yollarda buzlanma, nəqliyyatın çətinləşməsi və temperaturun kəskin enməsi ilə bağlı ehtiyatlı olmağa çağırıblar.

