Yanvarın 30-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Gün ərzində hava dəyişkən buludlu olacaq, arabir buludlanma müşahidə ediləcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər saatlarında bəzi ərazilərdə duman yaranacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1–4 dərəcə isti, gündüz isə 8–12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80–90 faiz, gündüz isə 60–70 faiz olacaq.
Ölkənin rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman, mülayim qərb küləyi müşahidə olunacaq.
Temperatur gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8–13 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 2–7 dərəcə şaxta, gündüz 3–8 dərəcə isti olacaq.
Gecə saatlarında bəzi dağ yollarında buzlanma ehtimalı var.

