SpaceX yaxın onilliklərdə Ay və Marsda özünüinkişaf etdirən şəhərlər qurmağı planlaşdırır. Bu barədə amerikalı sahibkar İlon Mask X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, şirkətin mütəxəssisləri artıq Yer peykinin — Ayın üzərində bu cür layihənin həyata keçirilməsinə fokuslanıblar və 10 ildən də az müddətdə real nəticələr əldə oluna bilər.
“SpaceX həmçinin Marsda şəhər salmağa çalışacaq və bu prosesə təxminən beş–yeddi ildən sonra başlamağı planlaşdırır”, — deyə Mask bildirib.
Sahibkar qeyd edib ki, Mars uçuşları yalnız Günəş sistemində planetlərin uyğun mövqedə olduğu dövrlərdə — hər 26 aydan bir mümkün olacaq. Bu zaman uçuşun müddəti altı ay təşkil edəcək.
Eyni zamanda, Aya raket buraxılışları hər 10 gündən bir həyata keçirilə bilər və uçuş iki gün çəkir. SpaceX-in qurucusu məhz bu səbəbdən Ayda şəhərin Marsla müqayisədə xeyli daha tez tikiləcəyini vurğulayıb. Onun qiymətləndirməsinə görə, Mars şəhərinin inşası 20 ildən çox vaxt aparacaq.

