Fransada “Milli Birlik” fraksiyasının rəhbəri Marin Le Pen bəyan edib ki, əgər onun azadlığı məhkəmə qərarı ilə məhdudlaşdırılmış vəziyyətdə qalarsa, o, prezident seçkilərində iştirak etməyəcək. Bu barədə o, BFMTV kanalına açıqlamasında danışıb.
“Belə şəraitdə seçki kampaniyası aparmaq mümkün deyil. Təsəvvür edirsinizmi ki, axşam seçicilərlə görüşlərə çıxmaq olmaz?” – deyə Le Pen bildirib.
Onun sözlərinə görə, apellyasiya şikayətinə baxıldığı müddətdə yaşadığı “gözləmə dövrü” onun üçün ağırdır və yaranmış vəziyyətə görə iyul ayına qədər partiyanın namizədinin kim olacağı məlum olmayacaq. Le Pen bunu “narahatlıq yaradan vəziyyət” adlandırıb.
O, apellyasiyanın təmin olunacağına və məhkəmənin ona namizəd olmaq və kampaniya aparmaq imkanı verəcək qərar çıxaracağına ümid etdiyini bildirib.
2025-ci ilin martında Le Pen Avropa Parlamentində vəsaitlərin mənimsənilməsi işində təqsirli bilinib. Məhkəmə ona 4 il həbs cəzası verib: bunun 2 ili şərti, digər 2 il ərzində isə o, elektron qolbaq daşımalı olacaq. Bundan əlavə, ona 5 il seçkilərdə iştirak qadağası qoyulub və 100 min avro cərimə tətbiq edilib.
Le Pen qərardan apellyasiya şikayəti verib, qərarın 2026-cı ilin yayına qədər açıqlanacağı gözlənilir.
Məhkəmənin qənaətinə görə, 2004–2018-ci illərdə Avropa Parlamentindən deputatlara ayrılan vəsaitlər parlament köməkçilərinin maaşları üçün nəzərdə tutulsa da, Le Penə ayrılmış pullar partiyanın – o vaxtkı “Milli Cəbhə”nin (2018-dən sonra “Milli Birlik”) ehtiyaclarına yönəldilib. Avropa Parlamentinə dəyən maddi zərər təxminən 3,2 milyon avro qiymətləndirilir.
Fransada növbəti prezident seçkiləri 2027-ci ildə keçiriləcək. Hazırkı prezident Emmanuel Makron həmin seçkilərdə iştirak edə bilməyəcək.

