İsrail İranla hərbi qarşıdurma başlamazdan əvvəl İraq ərazisində gizli hərbi baza yerləşdirib.
Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, həmin obyekt İsrail Hərbi Hava Qüvvələri üçün logistik mərkəz kimi istifadə olunub.
Məlumata əsasən, bazada xüsusi təyinatlı qüvvələr və döyüşlər zamanı aviasiya itkiləri baş verəcəyi təqdirdə fəaliyyət göstərəcək axtarış-xilasetmə qrupları yerləşdirilə bilərdi.
Nəşr ABŞ-yə İsrail tərəfindən yardım təklif olunduğunu da xatırladıb. Bu, ABŞ-ın F-15 qırıcısının İran üzərində qəzaya uğramasından sonra baş vermişdi.
Bildirilir ki, pilotların təxliyəsi ABŞ hərbçiləri tərəfindən həyata keçirilsə də, əməliyyatın təhlükəsizliyini təmin etmək üçün İsrail aviasiyası eyni vaxtda zərbələr endirirdi.
Məlumata görə, mart ayında bazanın mövcudluğu ifşa oluna bilərdi.
Yerli sakinlər həmin ərazidə hərbi aktivliyin artdığını və çox sayda hərbçi gördüklərini bildiriblər.
Daha sonra İraq hakimiyyəti bölgəyə öz qüvvələrini göndərərək mümkün hərbi kontingentin mövcudluğuna dair əlamətlər aşkar edib.

