ABŞ Federal Ehtiyat Sistemində yeni dövr rəsmən başlayıb. Prezident Donald Trampın namizədliyini irəli sürdüyü Kevin Uorş Ağ Evdə keçirilən mərasimdə and içərək FED sədri vəzifəsinin icrasına başlayıb.
Mərasimdən sonra Uorş həm iqtisadi dairələrin, həm də maliyyə bazarlarının diqqət mərkəzinə çevrilib. Yeni sədr qiymət sabitliyi ilə iqtisadi artım arasında balans qurmağa yönələn, islahatçı idarəçilik xətti vəd edib.
Donald Tramp isə çıxışında Kevin Uorşun müstəqil qərar verməli olduğunu vurğulayıb. ABŞ Prezidenti yeni FED rəhbərinin siyasi təzyiqlərdən uzaq, iqtisadi reallıqlara əsaslanan qərarlar qəbul etməsinin vacibliyinə işarə edib.
Qeyd olunur ki, Kevin Uorş FED-ə yüksək inflyasiya, bazarlarda qeyri-müəyyənlik və qlobal iqtisadi gərginlik fonunda rəhbərlik etməyə başlayır. Onun qarşısında əsas çağırışlardan biri inflyasiyanı nəzarətdə saxlamaqla iqtisadi artımı zəiflətməmək olacaq.

