Braziliyalı müğənni Kevin Kosta 25 yaşında faciəli şəkildə həyatını itirib. Hadisə elektrik rozetkasının quraşdırılması zamanı baş verib. Bu barədə 24 dekabrda “Metropoles” qəzeti fövqəladə xidmətlərin məlumatına istinadən xəbər yayıb.
Braziliya Yanğınsöndürmə Xidməti və polisinin bildirdiyinə görə, Kevin avtomobil ehtiyat hissələri mağazasında elektrik montaj işləri görürdü. Müğənni təxminən 6 metr hündürlükdə olduğu zaman güclü elektrik cərəyanına məruz qalıb.
O, təhlükəsizlik kəməri ilə bərkidilmiş vəziyyətdə idi. Bu, onun hündürlükdən yıxılmasının qarşısını alsa da, xilasedicilərin müdaxiləsini çətinləşdirib.
Hadisə yerinə dərhal təcili yardım briqadaları cəlb olunub, reanimasiya tədbirləri həyata keçirilib, lakin gənc sənətkarın həyatını xilas etmək mümkün olmayıb. Həkimlər ölümü hadisə yerində qeydə alıblar.
Kevin Kosta qospel musiqisinin ifaçısı kimi tanınırdı və evangelist kilsələrin tədbirlərində fəal iştirak edirdi. Onun icmasının pastorunun sözlərinə görə, Kevin yalnız istedadlı müğənni deyil, həm də nümunəvi insan idi.
“Kevin inanılmaz bir insan idi. O, hər zaman başqalarına kömək etməyə və xidmət etməyə hazır idi”, — deyə pastor Diarley Rodriges bildirib.

