ABŞ İrana qarşı yeni hərbi zərbələr endirməyə hazırlaşır.
Bu barədə CBS News ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı müzakirələrlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, İranla diplomatik danışıqların davam etməsinə baxmayaraq, administrasiyada cümə günü İrana qarşı yeni zərbələr variantı nəzərdən keçirilib. Bununla belə, həmin günə olan məlumata görə, yekun qərar hələ qəbul edilməyib.
Bildirilir ki, ABŞ Müdafiə Nazirliyi və kəşfiyyat icmasının bəzi nümayəndələri mümkün zərbələrə hazırlıq fonunda həftəsonu və Xatirə Günü ilə bağlı planlarını ləğv ediblər.
Məlumat diplomatik vasitəçilik səylərinin davam etdiyi bir vaxtda yayılıb. Son günlər Pakistan və Qətərin ABŞ-İran xəttində mümkün razılaşma üçün vasitəçilik etdiyi, lakin tərəflər arasında ciddi fikir ayrılıqlarının qaldığı bildirilir.

