ABŞ prezidenti Donald Trampın yaxın müşavirləri hesab edirlər ki, İsrail İrana ilk zərbəni endirməlidir, ABŞ isə yalnız bundan sonra hərəkətə keçməlidir. Bu barədə Politico nəşri məlumatlı mənbələrə istinadən yazıb.
Mənbələrdən birinin sözlərinə görə, administrasiyada belə bir fikir formalaşıb ki, İsrail təkbaşına ilk addımı atarsa, İranın mümkün cavab zərbəsi Vaşinqtona hərbi qərar üçün daha geniş əsas verə bilər.
“Administrasiyada belə düşünürlər ki, israillilər ilk hərəkət etsə və iranlılar bizə cavab zərbəsi endirsə, bu, tədbir görmək üçün daha çox əsas yaradacaq,” – deyə mənbə bildirib.
Tramp administrasiyasına yaxın şəxslər hesab edir ki, İsrailin hücumu İranı cavab verməyə məcbur edəcək və bu da ABŞ-da mümkün hərbi əməliyyata ictimai dəstəyin artmasına səbəb ola bilər.
Bununla belə, mənbələrin sözlərinə görə, ABŞ-la İran arasında danışıqlar ciddi xarakter daşısa da, Trampa yaxın bəzi şəxslər hesab edir ki, “nəticədə hərbi zərbə qaçılmazdır”.

