ABŞ-ın maliyyə naziri Skott Bessent Ağ Evdə keçirdiyi brifinqdə bildirib ki, Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi məhdudiyyətlərin ləğvi prosesi yavaş gedəcək.
İranın nüvə problemi həll olunmadan sanksiyaların mümkün yumşaldılması ilə bağlı sualı cavablandıran nazir bu prosesin uzun vaxt aparacağını vurğulayıb.
“Təkrar edirəm, mən razılaşmanın müddəalarını əvvəlcədən açıqlamayacağam, amma düşünürəm ki, bu proses çox yavaş baş verəcək”, deyə Bessent bildirib.
Məlumata görə, İranın nüvə proqramı ilə bağlı diplomatik razılaşma əldə olunsa belə, Vaşinqton tərəfindən sanksiya təzyiqinin yaxın vaxtlarda zəiflədilməsi gözlənilmir.
Bessent bu məsələ ilə bağlı detallar və İranın mövqeyi barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, ABŞ-ın maliyyə naziri daha əvvəl Vaşinqtonun İranla danışıqlarda göstərdiyi səbrin də həddi olduğunu bildirmişdi. Onun sözlərinə görə, əgər ABŞ Prezidenti Donald Tramp sülh razılaşmasının mümkün olmadığı qənaətinə gəlsə, Amerika qoşunları İrana qarşı zərbələri bərpa edə bilər.

