Avropa İttifaqı ölkələrinin əksəriyyətinin dəstəklədiyi üçüncü ölkələrdə miqrantların qəbulu mərkəzlərinin yaradılması planı Fransada ciddi narazılıq yaradıb. Bu barədə “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron bu təşəbbüsü sərt tənqid edib.
Mənbənin sözlərinə görə, əgər təşəbbüs yalnız İtaliyanın Baş naziri Corca Meloni və ya Danimarkanın Baş naziri Mette Frederiksen tərəfindən irəli sürülsəydi, bu qədər geniş rezonans doğurmazdı. Lakin müraciətə 19 dövlətin qoşulması Parisdə güclü siyasi siqnal kimi qiymətləndirilib.
Makron bu cür mərkəzlərin praktik faydası ilə bağlı şübhələrini ifadə edib. Mənbələr bildiriblər ki, yeni mübahisə Avropa İttifaqı daxilində iki həssas mövzunu — miqrasiya siyasətini və Aİ-nin uzunmüddətli büdcə layihəsini yenidən gündəmə gətirib.
19 ölkənin məktubunda belə mərkəzlərin dəstəklənməsi üçün maliyyə ayrılması çağırışı yer alıb. Lakin “Politico”nun məlumatına görə, Makronun bu təklifi dəstəkləməsi ehtimalı azdır.

