Avropa İttifaqı Yaxın Şərqdəki münaqişə ilə bağlı vahid mövqe formalaşdıra bilmir. Buna səbəb Almaniya kansleri Fridrix Merz ilə Fransa prezidenti Emmanuel Makron arasında yaranan ciddi fikir ayrılığıdır. Bu barədə Berliner Zeitung yazır.
Bildirilir ki, iki lider münaqişə ilə bağlı tam fərqli mövqelər tutur. Emmanuel Makron Hörmüz boğazına müşayiət missiyasının göndərilməsini təklif edir, lakin Fridrix Merz bu ideyanı rədd edir.
Fransa prezidenti İranın zərbələrinə sərt reaksiya verib və ölkəsinin hədəfə çevrilməsinin qəbuledilməz olduğunu bildirib. Berlin isə Tehrana qarşı oxşar sərt bəyanat verməyib.
Nəşrin qeyd etdiyi kimi, Avropa belə bir vəziyyətdə diplomatik təsir imkanlarından istifadə edə biləcəyi halda, Makron və Merz eyni mövqedən çıxış etmirlər.
Bu fikir ayrılığı ABŞ və İsrailin fevralın 28-dən İrana qarşı başlatdığı hərbi əməliyyatlar fonunda yaranıb. İran isə cavab zərbələri endirir və dünya neft tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazı faktiki olaraq bloklanmış vəziyyətə düşüb.

