Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, Avropa 2015-ci il səviyyəsində yeni qaçqın axınının öhdəsindən gələ bilməz.
Bu barədə o, The Wall Street Journal nəşrinə müsahibəsində danışıb.
Frederiksenin sözlərinə görə, 2015-ci il miqrasiya böhranına kifayət qədər hazır olmamaq bu gün Avropada mövcud problemlərin yaranmasına səbəb olub.
O qeyd edib ki, yeni qaçqın dalğası baş verərsə, bütün məsuliyyət avtomatik olaraq Avropa İttifaqı ölkələrinin üzərinə düşməməlidir.
Baş nazir daha balanslı beynəlxalq yanaşmanın vacibliyini vurğulayıb və hər bir ölkənin imkanlarının nəzərə alınmalı olduğunu bildirib.
Ekspertlər isə xəbərdarlıq edir ki, Yaxın Şərqdə münaqişənin genişlənməsi yeni miqrasiya dalğasına səbəb ola bilər.
Xüsusilə İranda yaşayan iranlı və əfqan əhalinin hərəkətlənməsi ehtimalı qeyd olunur.
Hazırda Avropa və Türkiyə rəsmiləri yeni böhranın qarşısını almaq üçün məsləhətləşmələri davam etdirir.
Qeyd edək ki, Danimarka son illərdə Avropada ən sərt miqrasiya siyasəti yürüdən ölkələrdən biridir.

