ABŞ və İran arasında danışıqların guya pozulması, eləcə də Tehranın ABŞ Prezidenti Donald Trampın bəyanatlarına görə üzr tələb etməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
RIA Novosti-nin Ağ Evin press-puluna istinadən verdiyi məlumata görə, adının açıqlanmasını istəməyən amerikalı rəsmi bildirib ki, danışıqlarda tərəflər İranın nüvə proqramı, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və Livanın cənubunda atəşkəs rejiminin yaradılması mexanizmlərini müzakirə ediblər.
“Yayılan yalan məlumatların əksinə olaraq, iranlılar hələ də buradadır və danışıqlar davam edir. Nüvə sazişinin bütün elementləri üzrə aktiv müzakirələr aparılıb. Biz bu məsələlərin hər biri üzərində işi davam etdirməyi və müzakirələrin nəticələrindən gələcək texniki danışıqlar üçün başlanğıc nöqtəsi kimi istifadə etməyi planlaşdırırıq”, — deyə amerikalı rəsmi bildirib.
Daha əvvəl İran nümayəndə heyətinin Trampın Tehrana yönəlik təhdidlərinə etiraz olaraq ABŞ-la danışıqları tərk etdiyi barədə məlumat yayılmışdı.
Məlumata görə, Ağ Ev rəhbəri iranlı danışıqlarçılarla şəxsən əlaqə saxlayaraq, Hörmüz boğazının bağlanacağı təqdirdə Vaşinqtonun sərt addımlar atmağa hazır olduğunu xəbərdar edib.

