Tehran və Vaşinqton arasında aparılan danışıqlar yalnız silahlı münaqişənin başa çatdırılması ilə bağlı məsələlərə fokuslanıb, İranın nüvə proqramı isə müzakirə olunmur. Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqai bildirib.
Onun sözlərinə görə, uranın zənginləşdirilməsi və ya nüvə materiallarının gələcək taleyi ilə bağlı yayılan məlumatlar sadəcə spekulyasiyadır. Hazırda yalnız müharibənin tam dayandırılması müzakirə olunur, gələcək addımlar isə sonradan müəyyən ediləcək. İRNA agentliyi Baqainin sözlərini sitat gətirib.
XİN nümayəndəsi qeyd edib ki, hələlik danışıqların detalları açıqlanmayacaq.
Eyni zamanda o vurğulayıb ki, Tehranın fikrincə, ABŞ-ın tələblərinin yüksək olması səbəbindən Vaşinqtonun İran təkliflərinə cavabının öyrənilməsi asan getmir.
Bundan əvvəl İran XİN bildirib ki, Tehran Pakistan vasitəsilə ABŞ-ın cavabını alıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp İranın təkliflərini qəbuledilməz adlandırıb.
Əl-Cəzirə telekanalının məlumatına görə, İranın 14 maddədən ibarət təklifi 30 gün ərzində münaqişənin başa çatdırılmasını nəzərdə tutur. Təklifə əsasən, ABŞ İranın dəniz blokadasını ləğv etməli, ölkəyə qarşı bütün sanksiyaları aradan qaldırmalı, İran aktivlərini dondurulmuş vəziyyətdən çıxarmalı və reparasiyalar ödəməlidir.
Eyni zamanda Tehran təklifi çərçivəsində nüvə proqramı məsələsini müzakirəyə çıxarmır.

