Polkovnik Artsrun Ovannisyan Yerevanda yerləşən Milli Müdafiə Tədqiqat Universitetinin rəhbəri təyin edilib.
Bu barədə İctimai Xəbərlər Xidməti məlumat yayıb.
Bildirilir ki, Ovannisyanın təyinatı Ermənistanda birmənalı qarşılanmayıb. Buna səbəb onun daha əvvəl İkinci Dünya müharibəsi ilə bağlı səsləndirdiyi fikirlərin ictimai müzakirələrə yol açmasıdır.
Məlumata görə, polkovnik Stalinqrad döyüşündə alman qoşunlarının məğlubiyyətinin Türkiyənin Ermənistana mümkün hücumunun qarşısını alan əsas amil olmadığını bildirib. Onun Adolf Hitlerin “Böyük Ermənistan” yaratmaq niyyətində olduğu barədə fikirlər səsləndirdiyi də qeyd olunur.
Ovannisyanın bu açıqlamaları Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin tərəfindən tənqid edilib. Səfir həmin fikirləri Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə qarşı təhqiredici adlandırıb.
Kopırkinin sözlərinə görə, tarixi hadisələrin bu cür şərhi tamamilə qəbuledilməzdir.

