Avstriya hakimiyyəti nasist Almaniyasının lideri Adolf Hitlerin doğulduğu binada polis bölməsi açıb. Braunau-am-İnn şəhərində yerləşən binanın yeni təyinatının əsas məqsədi onun neonasistlərin ziyarət və toplaşma yerinə çevrilməsinin qarşısını almaqdır. Bu barədə “The Insider” məlumat yayıb. Xəbər “Reuters” və “The Guardian” tərəfindən də təsdiqlənib.
Adolf Hitler 20 aprel 1889-cu ildə Avstriyanın Almaniya ilə sərhədində yerləşən Braunau-am-İnn şəhərindəki bu binanın kirayə mənzillərindən birində doğulub. O, burada həyatının yalnız ilk həftələrini keçirib. Buna baxmayaraq, bina sonrakı illərdə sağçı ekstremistlərin diqqətini çəkib.
Avstriya dövləti uzunmüddətli hüquqi mübahisədən sonra binanı 2017-ci ildə keçmiş sahibindən alıb, 2019-cu ildə isə onun polis bölməsinə çevriləcəyini açıqlayıb. Binanın sökülməsi və ya muzeyə çevrilməsi də müzakirə olunsa da, bunun neonasistlərin marağını daha da artıracağı qənaətinə gəlinib.
Yenidənqurma işlərinin təxminən 20 milyon avroya başa gəldiyi bildirilir. Binada rayon polis komandanlığı və polis bölməsi fəaliyyət göstərəcək. Almaniya sərhədinə yaxın ərazinin narkotik qaçaqmalçılığı marşrutlarından biri olması səbəbindən burada bu istiqamətdə ixtisaslaşmış polis əməkdaşları da çalışacaq.
Avstriyanın daxili işlər naziri Gerhard Karner bildirib ki, polis əməkdaşlarının bu binada yerləşməsi onun keçmişinə tamamilə əks olan demokratiya, hüququn aliliyi, azadlıq və insan ləyaqəti prinsiplərini təmsil etməlidir. Binanın fasadında hazırda yalnız “Polis” yazısı yerləşdirilib.
Binanın qarşısında Mauthauzen həbs düşərgəsinin ərazisindən gətirilmiş daşdan hazırlanmış xatirə abidəsi saxlanılıb. Abidədə faşizmin bir daha təkrarlanmamasına çağırış edən yazı yer alır.
Qərar birmənalı qarşılanmayıb. Mauthauzen Komitəsi kimi bəzi təşkilatlar hesab edirlər ki, binanın sadəcə polis bölməsinə çevrilməsi nasist cinayətləri barədə tarixi müzakirələri arxa plana keçirə bilər. Onlar binanın keçmişi haqqında daha geniş məlumat lövhələrinin və maarifləndirici materialların yerləşdirilməsini istəyirlər.

