ABŞ ilə İran arasında gərginlik Hörmüz boğazı ətrafında yenidən yüksələrkən, Tehrana yaxın mediadan diqqətçəkən paylaşım edilib.
Türkiyə mediasının xarici KİV-ə istinadən yaydığı məlumata görə, İran lideri Müctəba Xameneiyə yaxın media qurumu ABŞ Prezidenti Donald Trampın İranla bağlı anlaşma memorandumundakı imzasını ilana çevrilmiş formada göstərən görüntü yayıb.
Paylaşımda Trampın imzası üzərindən Vaşinqton administrasiyasına “verilən sözlərin pozulması” mesajı verildiyi bildirilir. Görüntü ABŞ-ın İrana qarşı son hücumlarından və iki ölkə arasındakı atəşkəsin faktiki olaraq çökməsindən sonra paylaşılıb.
Xarici KİV-in məlumatına görə, ABŞ İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum etdiyi iddiası ilə İran sahil xətti boyunca yerləşən bir sıra hərbi hədəfləri vurub.
CENTCOM-un açıqlamasında hava hücumundan müdafiə sistemləri, sahil müşahidə obyektləri, raket və pilotsuz aparat anbarları, eləcə də hərbi logistika infrastrukturunun hədəfə alındığı bildirilib.
İran isə buna cavab olaraq Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarını raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə aldığını açıqlayıb. İran İnqilab Keşikçiləri Korpusu xəbərdarlıq edib ki, ABŞ yeni hücumlar həyata keçirərsə, regiondakı Amerika bazalarına qarşı cavab zərbələri davam edəcək.

ABŞ Prezidenti Donald Trampın İranla atəşkəs və anlaşma prosesinin artıq başa çatdığını deməsi də xarici mediada geniş yer alıb. Xəbərlərdə bildirilib ki, tərəflər arasındakı böhran Hörmüz boğazındakı ticarət gəmilərinə hücum iddiaları, ABŞ-ın İran hədəflərini vurması və Tehranın Körfəzdəki ABŞ bazalarına cavab zərbələri ilə daha da dərinləşib.
Xameneiyə yaxın medianın Trampın imzasını ilana bənzədən paylaşımı isə bu gərgin atmosferdə İran tərəfinin ABŞ-ı anlaşmaya əməl etməməkdə ittiham edən simvolik mesajı kimi qiymətləndirilib.

