Birləşmiş Ərəb Əmirliklərində 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılıb.
Bu barədə BƏƏ-nin rəsmi WAM agentliyi məlumat yayıb.
Məlumata görə, Nazirlər Kabineti uşaqların sosial media platformalarına çıxışını tənzimləyən yeni qərar qəbul edib.
Qərara əsasən, ölkədə sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddi 15 olaraq müəyyənləşdirilib.
Yeni qayda 15 yaşdan kiçik uşaqların şəxsi sosial media hesabı yaratmasını və ya mövcud hesablarından istifadə etməsini qadağan edir. Həmçinin həmin yaş qrupuna daxil olan istifadəçilərin platformaların bütün funksiyalarına çıxışı da məhdudlaşdırılacaq.
BƏƏ-nin Baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid Al Məktum bildirib ki, bu addım ölkənin rəqəmsal mühitdə uşaqların qorunması istiqamətində öncül model yaratmaq və texnologiyadakı sürətli dəyişikliklərə uyğun olaraq rəqəmsal təhlükəsizliyi artırmaq məqsədini əks etdirir.
Onun sözlərinə görə, məqsəd uşaqların texnologiyadan təhlükəsiz, balanslı və yaşlarına uyğun rəqəmsal mühitdə faydalanmasını təmin etməkdir.
Al Məktum əlavə edib ki, valideyn icazəsi tətbiq olunan qadağa və məhdudiyyətlər üçün istisna hesab edilməyəcək.

