ABŞ Konqresinin hüquqşünasları süni intellekt tərəfindən hazırlanan qanunvericilik mətnlərinin kütləvi şəkildə daxil olması ilə bağlı problemlə üzləşib. “Politico”nun mənbələrə istinadən yaydığı məlumata görə, bu sənədlərin bir çoxunda ciddi səhvlər və səliqəsiz ifadələrə rast gəlinir.
Məlumata görə, süni intellekt böyük həcmdə sənəd yaradır və bu da Konqresin hüquqşünaslarını layihələri yoxlamaq və yenidən işləmək üçün normadan xeyli çox vaxt sərf etməyə məcbur edir.
Sənədlərdə ən çox rast gəlinən problemlər arasında əvvəlki qanunlara yanlış istinadlar, eləcə də əsas hüquqi anlayışların qarışdırılması var. Məsələn, vergi krediti, vergi güzəşti, istisna və qrant kimi anlayışlar bir-biri ilə səhv salınır.
Konqres əməkdaşları bu məqsədlə əsasən Anthropic şirkətinin “Claude” sistemi və “OpenAI”nin “ChatGPT” platformasından istifadə edirlər.
ABŞ Konqresində süni intellektdən qanunvericilik işində istifadənin necə tənzimlənməli olduğu məsələsi də getdikcə daha çox müzakirə olunur. Konqresin öz sənədlərində də süni intellektin qanunvericilik fəaliyyətini dəstəkləyə biləcəyi, lakin onun insan nəzarətini əvəz etməməli olduğu vurğulanır.

