ABŞ-nin nüfuzlu “The New York Times” qəzeti son 50 ildə ilk dəfə şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəmə işini uduzduğunu açıqlayıb.
Məhkəmənin qərarı ilə qəzet 2023-cü ildə dərc olunan məqalədə adı yanlış şəkildə atışma hadisəsi ilə əlaqələndirilən şəxsə 9,25 milyon dollar təzminat ödəməli olub. Daha sonra Alabama ştatının qanunvericiliyinə əsasən bu məbləğ 2 milyon dollara endirilib.
Söhbət Alabama Universitetinin basketbol komandasının oyunçusu Kai Spearsdan gedir.
Qəzet bildirib ki, 2023-cü ildə dərc edilmiş məqalədə Spearsın ölümlə nəticələnən atışma zamanı hadisə yerində olduğu yanlış şəkildə qeyd edilib.

Nəşrdə Kai Spearsın Alabama ştatının Taskalusa şəhərində atəşə tutulan avtomobildə olduğu bildirilmişdi. Məqalədə onun komandasının digər oyunçularının da hadisədə iştirak etdiyi, onlardan birinin isə məhkəməsini gözləyərək həbsdə saxlanıldığı qeyd edilmişdi.
Kai Spears məhkəməyə müraciət edərək həmin materialın ona mənəvi əzab verdiyini və adını həmişəlik qətl hadisəsi ilə əlaqələndirdiyini bildirib.
Məhkəmə münsifləri onun xeyrinə qərar çıxararaq ilkin olaraq 9,25 milyon dollar təzminat ödənilməsinə hökm ediblər.

