İsrailin Baş naziri Binyamin Netanyahu fələstinlilərlə bağlı məqaləyə görə Amerikanın “The New York Times” qəzetini məhkəməyə vermək qərarına gəlib. Bu barədə İsrail Baş nazirinin dəftərxanasının saytında məlumat verilib.
Məlumatda bildirilir:
Netanyahu və xarici işlər naziri Gideon Saar indiyədək dərc olunmuş ən dəhşətli və təhrif olunmuş yalan məqalələrdən birinə görə “New York Times” qəzetinə qarşı məhkəmə iddiası qaldırılması barədə göstəriş veriblər.
Dəftərxanadan qeyd olunub ki, söhbət NYT jurnalisti Nikolas Kristofun məqaləsindən gedir.
Onun son yazısı mayın 11-də dərc edilib. “The Silence That Meets the Rape of Palestinians” adlı köşə yazısında Kristof İsraildə fələstinli məhbuslara qarşı sistemli seksual zorakılıq iddialarından bəhs edir.
Jurnalist iddia edir ki, 14 fələstinli kişi və qadın ona hərbçilər, həbsxana nəzarətçiləri, xüsusi xidmət əməkdaşları və məskunlaşanlar tərəfindən seksual işgəncələrə məruz qaldıqlarını danışıb. Onun sözlərinə görə, bu ifadələrin bir qismi qohumlar, vəkillər və digər şahidlər tərəfindən təsdiqlənir.

